• Menyu
  • Menyu

Axirətə iman və onun faydaları

tovhidinfo

İmanın əsasları – Axirətə iman

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Hər kəsə məlumdur ki, bu dünyada olan hər bir şey fanidir. Dünyada olan hər bir canlı ölür və bununla da onun dünyadakı həyatı başa çatır. Bəzən insanı bir çox suallar düşündürür… Bəs insan öldükdən sonra hara gedir? Axı bəzi zalımlar bu dünyada öz cəzalarını almadan ölüb gediblər, onların aqibəti necə olacaq? Onlar etdikləri zülmə görə cavab verməyəcəklərmi? Eyni zamanda yaxşı işlər görən, lakin etdiyi xeyir əməllərin mükafatını almadan ölüb gedən əməlisaleh insanları nə gözləyir? Yoxsa onların gördükləri xeyir işlər nəzərdən qaçıb və etdikləri saleh əməllər mükafatsızmı qalacaq?

Həqiqətən də, insanlar bir-birinin ardınca hamı ölüb gedir, bir nəsil digərinin ardınca bu dünyanı tərk edirlər. Nəhayət elə bir gün gələcək ki, Allah Təalənin izni ilə bu dünya həyatı sona çatacaq, yer üzündə olan canlıların hamısı öləcək və orada olanlar hamısı yox olacaq. Ondan sonra Allah Təalə Qiyamət günü bütün məxluqları dirildəcək. O gün əvvəlkilərdən sonunculara qədər yer üzündə olan bütün insanlar bir yerə toplanacaqlar. Ondan sonra hər bir insan dünyada etdiyi yaxşı və pis əməllərə görə haqq-hesab olunacaq. Ondan sonra möminlər onlar üçün hazırlanmış Cənnətə, kafirlər isə layiq olduqları Cəhənnəmə gedəcəklər.

Cənnət Allahın əməlisaleh, mömin qulları üçün hazırladığı nemətlər diyarıdır. Cənnətdə o qədər növbənöv nemətlər vardır ki, onları kimsə vəsf etmək istəsə, bunu bacarmaz. Cənnətdə yüz dərəcə vardır. Dünyada insanlar öz imanlarında və Allaha itaət etmələrində fərqli olduqları kimi, Cənnətdə də onlar öz imanlarından və saleh əməllərindən asılı olaraq müxtəlif dərəcələrdə olacaqlar. Buna baxmayaraq, Cənnətdə ən aşağı səviyyədə olan insana, dünyadakı ən varlı hökmdara verilən nemətlərin on qat artığı veriləcəkdir. Görün ondan yuxarıda olanların mükafatı necədir?!

Cəhənnəm isə əzab diyarıdır. Allah Təalə orada kafirlər və günahkarlar üçün növbənöv əzablar hazırlamışdır. Cəhənnəmin əzabı, həqiqətən də, çox şiddətli və qorxuludur. Əgər Qiyamət günü insanların ölməsi mümkün olsaydı, kafirlər Cəhənnəmi uzaqdan gördükləri an qorxudan ölərdilər.

İnsanın həm gizlində, həm də aşkarda etdiyi bütün xeyir və şər əməlləri Allah Təalə əzəldən bilir. Bundan əlavə, hər bir insan üçün iki mələk təyin olunub, onlardan biri insanın etdiyi yaxşı əməlləri, digəri isə onun etdiyi pis əməlləri qeydə alıb yazırlar və kiçik bir əməli belə nəzərdən qaçırmırlar. Bu barədə Quranda deyilir: Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.” (Qaf 17-18)

Qiyamət günü insanın əməlləri yazılan o kitab özünə veriləcək və insan dünya həyatında etdiyi bütün əməlləri görəcək. Quranda bu barədə deyilir:

“Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (əl-Kəhf 49)

İnsan öz kitabını oxuyacaq və orada olanlardan heç nəyi inkar edə bilməyəcək. İnsan inkar etmək istədikdə isə, Allah Təalə onun bədən üzvlərinə danışmağa izin verəcək. İnsanın qulağı, gözü, əli, ayağı, dərisi danışmağa başlayacaq və onun etdiyi əməllər barədə xəbər verəcəklər. Bu barədə Allah Təalə belə buyurub:

“Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.” (Fussilət 20-22)

Bütün peyğəmbərlər öz qövmlərinə Axirət günün haqda xəbər veriblər. İnsanın etdiyi əməllərə görə haqq-hesab olunacağı haqda, ölülərin dirildilib qəbirlərindən çıxacaqları haqda, Cənnətdə olan nemətlər və Cəhənnəmdə olan cəzalar barədə bütün peyğəmbərlər danışıblar. Eləcə də Allah Təalə Quranda xəbər verib ki, insanlar öldükdən sonra mütləq diriləcəklər:

“Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.” (Fussilət 39)

Başqa ayədə isə buyurmuşdur:

“Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.” (əl-Əhqaf 33)

Allah Təalə hikmətlidir, ölən insanları haqq-hesab etmək üçün onları diriltmək Onun hikmətinə uyğundur. Çünki Allah insanları boş yerə yaratmayıb, onları başlı-başına buraxmayıb. Bu Allaha heç yaraşmaz da. Hətta insanlar arasında ən zəkasız, ən düşüncəsiz adam bir iş gördükdə, onu məqsədsiz, boş yerə etmir. İnsanlar haqda bunu təsəvvür etmək mümkün deyilsə, Allah Təalə barədə necə düşünmək olar ki, bu kainatı heç bir məqsəd olmadan, boş yerə yaradıb?! Necə düşünmək olar ki, Allah insanlara heç nə əmr etməyib, heç nəyi qadağan etməyib, sadəcə yaradıb və başlı-başına onları tərk edib? Allah Təalə Özü Quranda bu haqda buyurub:

“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (əl-Muminun 115)

Başqa ayədə buyurub:

“Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!” (Sad 27)

Hər bir ağıl sahibi Axirət gününə iman gətirməlidir. Çünki bu, ağlın tələb etdiyi və sağlam insan təbiətinin qəbul etdiyi şeydir. Axirət gününə iman gətirən insan başa düşür ki, insanın bəzi çirkin əməlləri tərk edib, yaxşı əməlləri etməsi boş yerə deyildir. Bunlar Allahın razılığını qazanmaq üçündür. Həmçinin, insan başa düşür ki, zalımlar etdikləri zülmün cəzasını mütləq alacaqlar və dünyada kiməsə zülm olunubsa, Qiyamət günü o kəs öz qisasını tam şəkildə alacaqdır. O gün hər bir insan etdiyi əməllərin qarşılığını alacaqdır. Yaxşı işlər görənin mükafıtı, pis işlər görənin də cəzası tam olaraq veriləcək və heç kəsə zülm olunmayacaq. O gün hər kəs nəyə layiqdirsə, onu da alacaq. Allah Təalənin Ədalətli olması üzə çıxacaqdır. Allah Taələ Quranda belə buyurub:

“O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.” (Zəlzələ 6-8)

İndi belə bir sual çıxır ki, bəs axı Qiyamət günü nə zaman baş verəcək?

Qiyamət gününün baş verəcəyi vaxt nə peyğəmbərlərə, nə mələklərə, nə də məxluqlardan kiməsə məlum deyil. Qiyamətin nə zaman qopacağını yalnız Allah bilir. Allah Təalə buyurmuşdur:

“Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir.” (əl-Əraf 187)

Başqa ayədə isə buyurmuşdur:

“Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.(Loğman 34)


© Tovhid.info heyəti

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax